Qırmızı papaq

Bir kənddə balaca qız yaşayırdı. Balaca qızın anası və nənəsi vardı. Nənə başqa kənddə yaşayırdı. Qırmızı papaq xeyirxah qız idi. O, anasını və nənəsini çox sevirdi.

Ad günündə nənəsi balaca qıza qırmızı papaq toxudu. Qız papağı çox sevdi və hər yerə həmin papaqla gedirdi. Bunun üçün də camaat ona Qırmızı papaq adı verdi.

Günlərin birində Qırmızı papaq nənəsini görməyə getdi. Anası ona səbət verdi. Səbətdə kökə, yağ və şirniyyatlar var idi. Nənənin kəndi meşəyə yaxın idi. Ora getmək üçün Qırmızı papaq meşədən keçməli idi. Meşədə vəhşi heyvanlar yaşayırlar. Meşə qorxulu yerdir. Buna görə də anası Qırmızı papağa dedi ki, meşədə dayanmasın və yadlarla danışmasın.

Qırmızı papaq meşədə gözəl güllər və kəpənəklər gördü. O, anasının sözlərini unutdu. Qırmızı papaq gülləri dərdi, gözəl kəpənəklərə baxır və quşların zümzüməsinə qulaq asırdı. Bu zaman meşədə canavar göründü. Canavar çox ac idi və yem axtarırdı.

Canavar Qırmızı papaqdan öyrəndi ki, nənəsini görməyə gedir. Canavar nənənin harada yaşadığını öyrəndi. O, Qırmızı papaqla sağollaşıb nənənin evinə getdi. Qırmızı papaq gülləri dərir və tələsmirdi.

Canavar nənənin yanına Qırmızı papaqdan tez getdi. Nənə xəstə idi və yatağında uzanmışdı. Canavar evə girib nənəni uddu. Canavar nənənin paltarını geyinib, onun eynəklərini taxıb yatağa uzandı.

Bir az sonra nənənin evinə Qırmızı papaq gəldi. O, qapını döydü. Canavar Qırmızı papağı aldatdı, guya onun nənəsidir. Qırmızı papaq canavara inandı. Canavar ağzını açanda Qırmızı papaq başa düşdü ki, canavardır. Qırmızı papaq qışqırdı, amma canavar onu da uddu.

Bu zaman meşədə ovçular gəzirdilər. Onlar nənənin evinin yanından keçirdilər və səs eşitdilər. Evə girib canavarı tutdular. Onun qarnını kəsdilər. Qarnından nənəni və Qırmızı papağı çıxardılar.

Qırmızı papaq və nənə sağ qaldılar. Onlar bir-birini görməklərinə çox sevindilər və qucaqlaşdılar. Masanın arxasında əyləşib çoxlu söhbət etdilər.